Martın 16-da Bakıda Dünya Azərbaycanlılarının ikinci qurultayı keçiriləcək Martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayına 44 dövlətdən 600-dən çox nümayəndə dəvət olunub. Bu barədə diaspor ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. Forumda rusiyalı Azərbaycanlıları 170 nümayəndə, Ukraynanı 60, Gürcüstanı 40, Türkiyəni 36, Qazaxıstanı 25, İsveçi 20, Özbəkistanı 17, Fransanı 15, Amerika Birləşmiş Ştatlarını 11 nümayəndə təmsil edəcək. Qurultayda Azərbaycanın özündən də nümayəndələr iştirak edəcək. Foruma 220-dən çox qonaq - Azərbaycan diasporunun yaradılmasında və inkişafında böyük xidmətləri olan siyasətçilər, deputatlar, alimlər və ictimai xadimlər dəvət olunub. Nazim İbrahimov bildirib ki, qurultayda prezident İlham Əliyevin çıxışı planlaşdırılır. Forumda Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığı, 2006-ci ildə onların birgə forumunun keçirilməsi məsələləri də müzakirə olunacaq. Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci il noyabrın 9-da Bakıda keçirilib.